Qarabağ Peşə Hazırlığı Mərkəzində ustad dərsləri təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzində “Açıq qapı” günü keçirilib.

 

Tədbirin keçirilməsində məqsəd Qarabağ regionunda xüsusi çəkisi olan, işsiz və işaxtaran şəxslərin maraq və diqqətini çəkə biləcək, işəgötürənlər tərəfindən xüsusi tələb təşkil edən peşələr barədə maarifləndirmə işinin təşkilidir.

 

“Açıq qapı” günü çərçivəsində bir çox peşələr: saç ustası, vizajist, qənnadçı, şirniyyatçı, dərzi, modelyer peşələri üzrə mütəxəssislər tərəfindən ustad dərsləri təşkil olunub.

 

Ustad dərslərində peşələrə marağı olan işsiz və işaxtaran şəxslər, bu sahə üzrə regionda fəaliyyət göstərən işəgötürənlər, aidiyyəti dövlət qurumlarının nümayəndərləri iştirak edib.

 

Tədbir çərçivəsində Qarabağ Peşə Hazırlığı Mərkəzi, Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qarabağda işsiz gənc əmək bazarına hansı səriştələrlə daxil olmalı?” mövzusunda interaktiv təlim də keçirilib. 58 işsiz gəncin qatıldığı təlimdə əmək bazarında işəgötürənlərin tələblərinin araşdırılması, Qarabağa qayıdış zamanı yaranacaq yeni iş yerləri, imkanlar və fürsətlər barədə habelə Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq tədbirləri haqqında məlumat verilib, bu mövzularda maraqlı müzakirələr, təqdimatlar və çıxışlar olub.