Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi, Qarabağ Regional Məşğulluq filialı və Qarabağ Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Bərdə şəhərində “Özünə peşə seç” adlı açıq qapı günü keçirilib.
Tədbirin məqsədi orta məktəb şagirdlərinin peşələrə marağının artırılması, əmək bazarında tələb olunan peşələr barədə məlumatlandırılması və onlara peşəyönümü istiqamətində dəstək göstərilməsi olub.
Açıq qapı günündə Bərdə şəhərində fəaliyyət göstərən 8 orta məktəbdən 60-a yaxın VIII-IX sinif şagirdləri iştirak ediblər.
Tədbir çərçivəsində məktəblilər üçün əvvəlcə peşələr və peşə təhsili imkanları barədə təqdimat keçirilib, onlara müxtəlif ixtisas istiqamətləri haqqında ətraflı məlumat verilib. Daha sonra DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsinin benefisiarlarının iştirakı ilə konsert proqramı təqdim olunub. Benefisiarlar musiqi və rəqs nömrələri ilə çıxış ediblər.
Şagirdlər daha sonra Qarabağ Peşə Hazırlığı Mərkəzində təşkil olunan peşə kursları ilə yaxından tanış olublar. Onlara müxtəlif peşələr üzrə praktiki məşğələlər nümayiş etdirilib, ustad dərslərində iştirak imkanı yaradılıb.
Məktəblilər şirniyyatçı, qadın gözəllik salonu xidmətləri, bərbər-vizajist, qaynaqçı və dülgər peşələri üzrə təşkil olunan ustad dərslərində iştirak edərək praktiki bacarıqlarını sınayıblar.
Tədbir iştirakçıları peşələr haqqında ətraflı məlumat əldə etməklə yanaşı, gələcək karyera seçimləri ilə bağlı faydalı təcrübə qazanıblar.