Qarabağ Peşə Hazırlığı Mərkəzində Milli Kulinariya Assosiasiyası ilə birgə peşə kursu təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının əməkdaşlığı ilə aşpaz peşəsi üzrə hazırlıq kursuna başlanıb.

 

Mərkəzin bazasında təşkil edilən kursa 20 müdavim cəlb edilib. 2 ay davam edəcək kursda peşəkar aşpazlar öz bilik və təcrübələrini müdavimlərlə bölüşəcəklər. Kursun məqsədi regionda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə bu sahədə peşəkar kadrlara olan tələbin qarşılanması və işsiz şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələmələrinə dəstək göstərməkdir.

 

Assosiasiya ilə əməkdaşlıq çərçivəsində qənnadıçı-şirniyyatçı və ofisiant peşələri üzrə də hazırlıq kursların təşkili nəzərdə tutulur.

 

Qeyd edək ki, Qarabağ Peşə Hazırlığı Mərkəzi ixtisaslaşmış qabaqcıl tədris şirkətləri ilə peşə hazırlığının təşkili istiqamətində əməkdaşlığını genişləndirir.

 

Bu istiqamətdə birgə layihələr ölkə üzrə aparıcı tədris şirkətlərinin və peşəkar təlimçilərin regiona cəlb olunaraq burada fəaliyyət göstərmələrini təşviq etmək məqsədi daşıyır. Həmin şirkətlər üçün Mərkəzin müasir infrastrukturundan və təlim-tədris bazasından faydalanmaq imkanı yaradılır.