Postmüharibə dövründə 1700-dən çox şəhid ailəsi üzvü və qazi özünüməşğulluq proqramına cəlb olunub

Şanlı Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə, bu müharibənin qazilərinə özünüməşğulluq proqramı çərçivəsində də sosial dəstək göstərilir.

 

Müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 1700-dən çox şəxs növbədənkənar olmaqla özünüməşğulluq proqramına cəlb olunub. Onlardan 900-ü şəhid ailələrinin üzvləridir. Proqrama cəlb olunanların istəkləri və əmək bacarıqları nəzərə alınaraq seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün qısa müddətdə aktivlərlə təmin olunur.

 

Eyni zamanda, şəhid ailəsi üzvləri və qazilərdən ibarət 300 şəxsin məşğulluq məsələləri operativ şəkildə həll olunub. Onlar ödənişli ictimai işlər və əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramları çərçivəsində işlə təmin ediliblər.