“Peşələrin atlası” platforması üzərində işlər yekunlaşma mərhələsindədir

Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev "International HR Summit 2025" tədbirinin açılış mərasimində iştirak edib

 

“Dövlət Məşğulluq Agentliyi tərəfindən əhaliyə təqdim edilən xidmətlərin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılıb, göstərilən 21 xidmətin 19-u elektronlaşdırılıb.”

 

Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə 20 May - Beynəlxalq HR Günü münasibətilə keçirilən "International HR Summit 2025" tədbirinin açılış mərasimində çıxışında deyib.

 

Sədr, rəqəmsallaşma istiqamətində ən önəmli alətlərdən biri olaraq “Əmək və məşğulluq” altsistemini qeyd edib və altsistemin kağız üzərində aparılan əməliyyatların rəqəmsal müstəviyə keçirilməsinə imkan yaratdığını vurğulayıb. “Məzunların məşğulluq reytinqi” platformasının həm gənclər, həm də işəgötürənlər üçün yaratdığı imkanlar barədə məlumat verib.

 

Eyni zamanda qeyd olunub ki, peşələr üzrə məlumatlılıq səviyyəsini artırmaq və əmək bazarının gələcək inkişafı üzrə fikir formalaşdırmaq məqsədi daşıyan “Peşələrin atlası” platforması üzərində işlər yekunlaşma mərhələsindədir. Bu platformada əmək bazarında  aktual olan peşələr üzrə məlumatlar və statistik göstəricilər əks olunacaq ki, bu da şəxslərin peşə seçimi və inkişaf istiqamətləri barədə daha dolğun və düzgün qərar qəbul etmələrinə kömək edəcək.

 

S.Əliyev çıxışında məşğulluq xidmətlərində innovasiyaların tətbiqi və qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi istiqamətində əməkdaşlıqlar qurulduğunu da diqqətə çatdırıb. Ötən günlərdə Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) Dünya Konqresində Agentliyimiz ilk dəfə olaraq Assosiasiyanın İdarə Heyətinə 2025–2028-ci illər üzrə üzv seçilməsi bunun bariz nümunəsidir.

 

Daha sonra forum “İnsan resurslarının idarəolunmasında qlobal trendlər və yeni çağırışlar”, “İnsan-mərkəzli liderlik və davamlı inkişaf: İşin gələcəyinin formalaşdırılması” və “süni intellekt və HR: Texnologiya ilə insanlıq arasında körpü” adlı panel müzakirələrlə davam edib.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz