“Peşəkar qadınlar” adlı sosial layihəyə start verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı və “PAŞA Holding” MMC-nin maliyyə dəstəyi ilə “Peşəkar qadınlar” adlı sosial layihəyə start verilib.

 

Layihənin əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrində yaşayan qadınların qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq və təcrübələrinin qiymətləndirilməsi ilə sosial müdafiəsinin gücləndirilməsinə və məşğulluq imkanlarının genişləndirilməsinə köməklik göstərməkdir.

 

Layihə çərçivəsində ilk olaraq Quba-Xaçmaz və Lənkəran-Astara iqtisadi rayonlarında yaşayan və Agentlik tərəfindən “bitkiçilik mütəxəssisi’’ və “bağban dekorator” sahələri üzrə təşkil olunmuş kursları başa vuran qadınların əldə etdikləri bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib.

 

Layihənin yekununda qiymətləndirmə prosesində yüksək nəticə göstərən 100-dən artıq qadına müvafiq  peşə üzrə diplom və sertifikat təqdim olunacaq. Bu isə onların əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştirakçılığının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaq.