Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı tarixi Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış karyera sərgisi keçirilib.
BDU-da təşkil olunmuş tədbirin keçirilməsində əsas məqsəd universitetin tələbə və məzunları üçün işğaldan azad olunmuş ərazilərdə iş imkanları və karyera dəstək proqramları təqdim etməkdir.
Şərqi Zəngəzur və Qarabağ üzrə iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, turizm, xidmət və digər sahələrdə fəaliyyət göstərən 12 şirkətin iştirak etdiyi karyera sərgisinə 2000-dən çox tələbə və məzun qatılıb. İştirakçılar qeyd olunan sahələr üzrə təcrübə və könüllülük proqramları, həmçinin şirkətlərin real iş prinsiplərini özündə əks etdirən təqdimatlarla tanış olmaq imkanı qazanıblar.
Karyera sərgisində yeni əməkdaşlıq imkanları, qarşılıqlı gözləntilər və daha səmərəli əməkdaşlıq modelləri müzakirə edilib. Tələbə və məzunlara həm vakansiyalara, həm də təcrübə proqramlarına müraciət etmək, eyni zamanda CV-lərini təqdim etmək imkanı verilib.
Tədbirdə, həmçinin, gənclərə DMA-nın nümayəndəsi tərəfindən “Əmək bazarının tələbləri” adlı peşəyönümü məsləhət xidməti təşkil olunub. Təlimin əsas məqsədi tələbə və məzunlara əmək bazarının dinamikası, işəgötürənlərin gözləntiləri və yeni peşə trendlərini təqdim etmək olub.
Tədbir çərçivəsində işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işləri barəsində də təlim keçirilib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı minatəmizləmə əməliyyatlarında istifadə olunan üsul və texnologiyalar barədə iştirakçılara məlumat verib.