Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) həyata keçirdiyi "PeşəFest-2026" layihəsi bu dəfə Bərdə rayonunda baş tutub.
“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vidadi İsayev, millət vəkili Fatma Yıldırım, DMA-nın İdarə Heyətinin sədr müavinləri Ülvi Abasquliyev və Eşqin Bayramov, həmçinin ayrı-ayrı dövlət və özəl təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
RİH başçısı V. İsayev çıxışında bildirib ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri gənclərin müasir əmək bazarının tələblərinə uyğun formalaşması və layiqli iş imkanları ilə təmin olunmasıdır. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin inkişafı, onların təhsil, məşğulluq və karyera imkanlarının genişləndirilməsi daim diqqətdə saxlanılır. V. İsayev “PeşəFest”in də gənclərin gələcək karyera istiqamətlərini düzgün müəyyənləşdirmələrinə, əmək bazarında aktual olan peşələr barədə birbaşa mütəxəssislərdən məlumat almalarına və peşə seçimi ilə bağlı qərarlarını daha düzgün vermələrinə şərait yaratdığını bildirib.
Millət vəkili F.Yıldırım isə “PeşəFest”in region gəncləri üçün böyük imkanlar yaratdığını deyib və qeyd edib ki, bu festival gənclərə əmək bazarının müasir çağırışları ilə yaxından tanış olmaq, həmçinin öz gələcək fəaliyyət istiqamətlərini uğurla müəyyənləşdirmək fürsəti verir.
DMA-nın İdarə Heyətinin sədr müavini Ü.Abasquliyev müasir əmək bazarının işaxtaranlardan, xüsusilə də gənclərdən daim yenilənmə, rəqəmsal və praktiki bacarıqlara yiyələnmə tələb etdiyini bildirib. Onun sözlərinə görə, belə interaktiv festivallar gənclərimizin trend peşələr barədə əyani məlumat almalarına və peşəkarlarla birbaşa ünsiyyət qurmalarına şərait yaradır.
Festival çərçivəsində peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər.
Qeyd edək ki, növbəti “PeşəFest-2026” oktyabr ayının 7-də Saatlı rayonunda keçiriləcək. Beləliklə, festivalın keçiriləcəyi rayon və şəhərlərin siyahısı belədir:
Saatlı – 7 oktyabr
Masallı – 9 oktyabr
Naxçıvan – 13 oktyabr
Ordubad – 15 oktyabr
Bakı – 22 oktyabr
“PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayner (sayt, tətbiq dizayneri) istiqamətləridir.
Festival iştirakçıları bu peşələrin özünəməxsusluqları və tələb olunan bacarıqlar barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.
Festivalda iştirak ödənişsizdir. Peşə seçimi ilə maraqlanan hər kəsi “PeşəFest-2026”da fəal iştiraka dəvət edirik.