Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu“Əmək bazarında baş verən sürətli dəyişikliklər, yeni bacarıqlara tələbin artması və rəqabətin güclənməsi peşə təhsilində keyfiyyət məsələsini strateji prioritet kimi ön plana çıxarır”.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsilində keyfiyyətin idarə olunmasına doğru: daxili keyfiyyət təminatının formalaşması” mövzusunda keçirilmiş forumda deyib.
H.Abbasov müasir dövrdə peşə təhsilinin iqtisadi inkişafın və insan kapitalının formalaşmasının əsas sütunlarından birinə çevrildiyini qeyd edib və bildirib ki, peşə təhsilinin əsas məqsədi yalnız bilik və bacarıq vermək deyil, həm də əmək bazarının tələblərinə uyğun, məşğulluqla nəticələnən təhsil nəticələri formalaşdırmaqdır.
H.Abbasov Dövlət Məşğulluq Agentliyinin peşə hazırlığını əmək bazarının tələblərinə cavab verən 175 peşə üzrə Bakı, Gəncə, Göyçay və Qarabağ peşə hazırlığı mərkəzləri vasitəsilə həyata keçirdiyini xatırladıb. Bildirib ki, işaxtaran və işsiz şəxslərin bilik və bacarıqlarının artırılması, onların əmək bazarının tələblərinə uyğunlaşdırılması, bununla da onların sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən prioritet aktiv məşğulluq tədbirlərindən biri kimi peşə hazırlığı kurslarının təşkili mühüm əhəmiyyət kəsb edir.
Agentlik sədri cari ilin 5 ayı ərzində 7,333 nəfər işaxtaran və işsiz şəxsin peşə hazırlığına cəlb olunduğunu bildirib. Cəlb olunanlar arasında qadınlarla yanaşı, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, cəzaçəkmə müəssisələrindən azad olunmuş və digər həssas kateqoriyalardan olan şəxslər də yer alıb.
H.Abbasov həmçinin çıxışında Dövlət Məşğulluq Agentliyi tərəfindən təqdim olunan peşəyönümü məsləhət xidmətləri barədə də məlumat verib və təkcə cari ilin ilk 5 ayında bu xidmətlərə cəlb olunmuş şəxslərin sayının 100 min nəfərə yaxınlaşdığını bildirib.