Peşə istiqaməti üzrə məzunların məşğulluq göstəricilərinin izlənməsi işlərinə başlanıb

Gələcəkdə peşə hazırlığına dair məlumatların da "Məzunların məşğulluq reytinqi platforması”na inteqrasiyası planlaşdırılır.

 

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" adlı beynəlxalq konfransda "Azərbaycanda əmək bazarının inkişafı perspektivləri: məşğulluq sahəsində innovasiyalar" mövzusunda təqdimatla çıxışı zamanı deyib.

 

Agentlik sədri artıq peşə istiqaməti üzrə məzunların məşğulluq göstəricilərinin izlənməsi istiqamətində işlərə başlandığını bildirib: “Bu, bizə yalnız ali təhsil üzrə deyil, ümumilikdə milli səviyyədə kadr hazırlığı və məşğulluq siyasətini daha hədəfli şəkildə qurmağa imkan verəcək. Platforma təhsil və məşğulluq sahələri arasında körpü rolunu oynayır və həm qərarverici qurumlara, həm də ictimaiyyətə mühüm analitik imkanlar təqdim edir”.

 

"Məzunların məşğulluq reytinqi platforması”nın əhəmiyyətini vurğulayan Sadiq Əliyev bu platformanın ali təhsil müəssisələrini bitirən məzunların əmək bazarına inteqrasiyasını, məşğulluq dövrlərini və trendlərini ətraflı izləmək imkanı yaratdığını qeyd edib.

 

“Həmin rəqəmsal sistem vasitəsilə məzunların daha çox təmsil olunduqları ixtisaslar və iqtisadi fəaliyyət sahələri müəyyən olunur. Bu da əmək bazarının tələbləri ilə təhsil sisteminin təklif etdiyi ixtisaslar arasında uyğunluğu təhlil etməyə və bu istiqamətdə əsaslandırılmış qərarların qəbul olunmasına imkan verir. Platforma, həmçinin muzdla çalışan şəxslərin hansı sektorlarda daha aktiv fəaliyyət göstərdiyini izləməyə, məşğulluq dinamikasını təhlil etməyə və əmək bazarında formalaşan sektorial trendləri müşahidə etməyə şərait yaradır. Həmin baza bizə imkan verir ki, universitetlər və ixtisaslar üzrə nəticələri müqayisə edək, hansı ali təhsil müəssisəsinin məzunlarının əmək bazarına daha uğurla inteqrasiya olunduğunu müəyyənləşdirək. Nəticədə əmək bazarında hansı ixtisaslara daha çox tələbat olduğunu və həmin tələbatın strukturunu dəqiq şəkildə müəyyənləşdirmək mümkün olur. Bu da təhsil proqramlarının optimallaşdırılması və ixtisas seçiminin daha düzgün istiqamətləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır”,- deyə Agentlik sədri bildirib.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz