Peşə hazırlığının təkmilləşdirilməsi istiqamətində İsveç təcrübəsi tətbiq ediləcək

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində İsveç Krallığının Məşğulluq Xidmətinin nümayəndələrindən ibarət ekspert qrupu peşə hazırlığı xidmətinin təkmilləşdirilməsi məqsədilə ölkəmizdə rəsmi səfərdədir.

 

Dövlət Məşğulluq Agentliyi və SOCIEUX+ arasında əldə edilən razılaşmaya əsasən İsveç Krallığının Məşğulluq Xidmətinin ekspertləri üç mərhələdən ibarət olmaqla Agentliyə peşə hazırlığı istiqamətində texniki dəstək göstərəcək.

 

Qeyd edək ki, SOCIEUX+ Avropa İttifaqı (Aİ) tərəfindən yaradılmış və birgə maliyyələşdirilən texniki əməkdaşlıq mexanizmidir. SOCIEUX+ Avropa İttifaqına üzv dövlətlər və 155-dən çox tərəfdaş ölkə arasında bərabərhüquqlu mübadilə və əməkdaşlığını təmin edir.

 

Texniki dəstəyin ikinci mərhələsi üçün paytaxtımızda səfərdə olan nümayəndə heyəti Agentliyin Aparatının Peşə hazırlığı departamentinin və Regional Peşə Hazırlığı Mərkəzlərinin iş prinsipi, fəaliyyət istiqamətləri, peşə hazırlığı istiqamətində görülən işlərlə tanış olub,  qarşılıqlı informasiya mübadiləsi aparılıb, peşə hazırlığının təkmilləşdirilməsi istiqamətində Avropa ölkələri, xüsusilə İsveç təcrübəsi barədə məlumat verilib.