Peşə hazırlığı və işlə təminat sahəsində işəgötürənlərlə əməkdaşlıq imkanları müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filialları tərəfindən işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi və əməkdaşlıq perspektivlərinin müzakirəsi istiqamətində görüşlərin təşkili davam edir.

 

Bu dəfə Quba-Xaçmaz və Mərkəzi Aran Regional Məşğulluq filialları tərəfindən dəyirmi masalar keçirilib.

 

Qubada keçirilən görüşdə aqrar istehsal sahəsində fəaliyyət göstərən sosial tərəfdaşların ixtisaslı kadrlarla təmin olunması məsələləri müzakirə edilib, işəgötürənlərə aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. Həmçinin Quba-Xaçmaz regionunda Ərazi Məşğulluq Proqramında nəzərdə tutulan tədbirlərin icrası barədə danışılıb, mövcud imkanlar, birgə peşə hazırlığı kurslarının təşkili imkanları və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib. 

 

Daha sonra Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun maddi-texniki bazası və müasir laboratoriyaları ilə tanışlıq olub.

 

Mərkəzi Aran Regional Məşğulluq filialı tərəfindən Yevlax Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunan görüşdə isə dövlətin məşğulluq strategiyası haqqında məlumat verilib, sosial cəhətdən xüsusi həssas kateqoriyaya aid şəxslərin məşğulluqlarının təmini istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edilib. 

 

Sonda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.