Peşə hazırlığı sahəsində potensialın gücləndirilməsi və effektivliyin artırılması üçün yol xəritəsi hazırlanacaq

Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq prioritetləri çərçivəsində “Azərbaycanda layiqli iş yerlərinin yaradılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” layihəsi çərçivəsində xarici ekspertlərlə növbəti görüş keçirilib.

 

Görüşdə layihənin komponentlərindən bəhs olunub, işçi qrupu yaradılması müzakirə edilib. Qeyd edilib ki, layihə çərçivəsində Nazirlik və tabeli qurumların əməkdaşları üçün “Karyera məsləhətinə texniki dəstək” mövzusunda tədbirlər təşkil ediləcək.

 

Həmçinin əmək bazarındakı proseslər müzakirə edilməklə, peşə hazırlığı sahəsində potensialın gücləndirilməsi, Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyətinin təkmilləşdirilməsi və effektivliyinin artırılmasına dəstək istiqamətində işlər aparılacaq, yol xəritəsi hazırlanacaq.

 

Ekspertlər səfər çərçivəsində Nazirliyin tabeliyindəki  Dövlət Məşğulluq Agentliyinin Peşə Hazırlığı Mərkəzləri,  Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələri ilə də görüşlər keçirəcək, əməkdaşlıq istiqamətləri və peşə hazırlığı sahəsində yaranan çətinliklər barədə müzakirələr aparılacaq.

 

 “Azərbaycanda layiqli iş yerlərinin yaradılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” layihəsi ömürboyu öyrənməni təşviq etmək, layiqli iş yerlərinin yaradılmasına dəstək göstərmək, karyera planlaması və karyera məsləhəti xidmətləri vasitəsilə gənclərə və həssas qruplardan olan şəxslərə daha effektiv peşəyönümü xidmətinin göstərilməsini təmin etmək və s. məqsədi daşıyır.