Özünüməşğulluq proqramı iştirakçılarına cins damazlıq heyvanlar veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı çərçivəsində maldarlıq istiqaməti üzrə yeni zərfin tətbiqinə başlanır.

 

Maldarlıq istiqaməti üzrə proqrama cəlb edilmiş şəxslərdən cins damazlıq heyvanların saxlanması üçün uyğun şəraiti, bu sahədə müəyyən təcrübəsi olanların  hər birinə “Simmental” və “Holstein” cinslərindən olan 2 baş inək veriləcək.

 

Məqsəd özünüməşğulluq proqramı çərçivəsində yaradılacaq maldarlıq təsərrüfatlarında daha yüksək məhsuldarlığın əldə edilməsi, bu təsərrüfat sahiblərinin gəlir imkanlarının daha çox olmasına şərait yaradılmasıdır. 

 

Cins damazlıq heyvanların saxlanma şərtləri fərqli olduğundan, bu zərf üzrə müraciət etmiş vətəndaşların təsərrüfat şəraiti əvvəlcədən qiymətləndiriləcək.  İlkin monitorinq zamanı heyvanların saxlanılacağı tövlənin vəziyyəti, ölçüləri, havalandırma şəraiti nəzərdən keçiriləcək.

 

Eyni zamanda, proqram iştirakçılarının seçimi zamanı onların bu istiqamətdə təcrübəsi, bilik və bacarıqları nəzərə alınacaq.