Özünüməşğulluq proqramı çərçivəsində təqdim edilən zərflər regionlarda iqtisadi fəallığın artmasına şərait yaradır

Agentlik sədri “Aqrar sahədə dövlətin dəstək mexanizmləri”

mövzusunda panel müzakirəsində çıxış edib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Cəlilabad Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Cəlilabad rayonunda keçirilmiş “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsində iştirak edib.
 

Tədbirdə çıxış edən H.Abbasov qeyd edib ki, aqrar sektor ölkədə, xüsusilə də regionlarda məşğulluğun təmin olunması, ailə təsərrüfatlarının inkişafı və yerli iqtisadi aktivliyin güclənməsi baxımından mühüm rol oynayır. Məhz buna görə də aqrar sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu istiqamətdə müxtəlif dəstək mexanizmləri tətbiq olunur.
 

Sədr bildirib ki, bu prosesdə Dövlət Məşğulluq Agentliyi də öz fəaliyyətini əmək bazarında, o cümlədən aqrar sektorda dayanıqlı məşğulluğun təmin olunmasına, işsiz və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsinə və işəgötürənlərin kadr tələbatının qarşılanmasına yönəldir.
 

Bu çərçivədə Agentlik tərəfindən aktiv məşğulluq tədbirləri həyata keçirilir, məqsədli və stimullaşdırıcı proqramlar icra olunur, müxtəlif istiqamətlər üzrə işəgötürənlərlə əməkdaşlıq genişləndirilir.
 

H.Abbasov xüsusilə Agentliyin həyata keçirdiyi özünüməşğulluq proqramının kənd yerlərində kiçik sahibkarlığın inkişafına və ailə təsərrüfatlarının formalaşmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb. Bildirib ki, proqram çərçivəsində təqdim edilən aktiv zərflərinin mühüm hissəsi məhz aqrar fəaliyyət sahələrini əhatə edir və bu, regionlarda iqtisadi fəallığın artmasına və davamlı məşğulluğun genişlənməsinə şərait yaradır.
 

Sədr həmçinin peşə hazırlığı, yenidənhazırlanma və ixtisasartırma proqramlarının əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasına xidmət etdiyini, bu prosesdə peşə təhsili müəssisələri və işəgötürənlərlə əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb.
 

Qeyd olunub ki, həyata keçirilən tədbirlər aqrar sahə də daxil olmaqla, regionlarda məşğulluğun genişlənməsinə, sahibkarlıq fəaliyyətinin təşviqinə və əmək resurslarından daha səmərəli istifadəyə mühüm töhfə verir.
 

Daha sonra panel sual-cavab hissəsi ilə davam edib.