Ötən il 576 işəgötürənin iştirakı ilə 50 dəyirmi masa təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filialları tərəfindən sosial tərəfdaşlarla sıx əlaqələrin qurulması, işəgötürənlərin Agentliyin xidmətləri barədə məlumatlandırılması məqsədilə dəyirmi masa görüşləri keçirilir. Ötən il ümumilikdə 576 işəgötürənin iştirakı ilə 50 belə görüş keçirilib. 

 

Həm dövlət müəssisələri, həm də özəl sektordan olan işəgötürənlərin iştirak etdiyi görüşlərdə işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi üçün Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan peşə hazırlığı kursları, əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanıb işlə təmin olunması istiqamətində görülən işlər, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiqi və həyata keçirilən digər layihələr barədə məlumatlar verilib. İşəgötürənləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

 

Görüşlərdə, həmçinin işəgötürənlərə əmək münasibətlərində əlçatanlığın, operativliyin və keyfiyyətli xidmətin təmin olunması məqsədilə elektron platformalardan istifadə qaydaları, “vakansiya bankı” barədə məlumat verilib.

 

Cari il üzrə də sosial tərəfdaşlarla görüşlərin keçirilməsi, Agentliyin xidmətləri barədə məlumatlandırma işinin davam etdirilməsi və birgə layihələrin icrası nəzərdə tutulub.