Onlayn karyera yarmarkası təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) onlayn karyera yarmarkası keçirilib.

 

Açılış mərasimində UNEC rektoru Ədalət Muradov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, millət vəkili Musa Quliyev və digər rəsmi şəxslər çıxış edib.

 

Çıxış edənlər həm işəgötürən, həm də işaxtaranlar üçün bu formatda məzun yarmarkalarının təşkilini, gənclərin məşğulluğunun təmin olunmasına dəstəyini yüksək qiymətləndirib, əmək bazarının tələblərinə uyğun peşəkar kadrların işəgötürənlərlə birbaşa əlaqələndirilməsində məzun yarmarkalarının əhəmiyyətini qeyd ediblər.

 

Bildirilib ki, yarmarkada ümumilikdə 3800-dən artıq ziyarətçi qeydiyyatdan keçib, işəgötürənlər tərəfindən 702 vakansiya və 54 təcrübə proqramı iştirakçılara təqdim edilib.

 

İki gün davam edəcək onlayn yarmarkada iştirakçılar həm digər işəgötürənlərin, həm də Dövlət Məşğulluq Agentliyinin təqdim etdiyi vakansiyalarla tanış ola və onlara birbaşa müraciət edə bilərlər. Yarmarkada həmçinin, Agentliyin karyera məsləhət xidməti olan “Alo Karyera”-nın onlayn təqdimatı da keçirilir.