Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Ülvi Abasquliyev və Rüfət Cavadov Vətən müharibəsi şəhidləri Əkbər Pənahov və Rəşad Həsənlinin ailələrini ziyarət ediblər.

 

Ailələrlə söhbət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb.

 

Əkbər Pənahov Murovdağ istiqamətində gedən döyüşlərdə, Rəşad Həsənli isə Füzuli rayonu uğurunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

 

Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Əkbər Pənahov "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə”, Rəşad Həsənli isə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Hər iki şəhidin ailələri sosial dəstək tədbirləri ilə əhatə olunub, məşğulluq məsələlərinin həllinə dəstək göstərilir. Belə ki, şəhid Əkbər Pənahovun anası Mayqa Alməmmədova və şəhid Rəşad Həsənlinin anası Aytəkin Həsənova Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilərək öz işlərini qurmaları üçün avadanlıqlarla təmin ediliblər.

 

Ailələrin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacaqları bildirilib.