Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) həyata keçirdiyi "PeşəFest-2026" layihəsi bu dəfə Qax rayonunda baş tutub.
“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.
Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elvin Paşayev, millət vəkili Əli Məsimli, DMA-nın İdarə Heyəti sədrinin müavinləri Elşən Mahmudov və Eşqin Bayramov, ayrı-ayrı dövlət və özəl təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
RİH başçısı E.Paşayev “PeşəFest”in gənclərin müxtəlif peşə istiqamətləri ilə yaxından tanış olmalarına və əmək bazarında tələb olunan bacarıqlar barədə məlumat əldə etmələrinə imkan yaratdığını qeyd edib. O, bu cür layihələrin gənclərin peşəkar inkişafına və gələcək məşğulluq imkanlarının artırılmasına mühüm töhfə verdiyini bildirib.
DMA-nın İdarə Heyətinin sədr müavini E.Mahmudov əmək bazarının yeni çağırışlarına uyğun bacarıqların formalaşdırılmasının gənclərin gələcək məşğulluğunda mühüm rol oynadığını qeyd edib. O, “PeşəFest”in də bu məqsədə xidmət etdiyini bildirib və bu festivalın gənclərin karyera ilə bağlı dolğun təsəvvür formalaşdırdığını vurğulayıb.
Milli Məclisin deputatı Əli Məsimli çıxışında “PeşəFest”in gənclərin peşə dünyası ilə yaxından tanış olmalarına, əmək bazarında mövcud imkanlar barədə ətraflı məlumat əldə etmələrinə və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmələrinə şərait yaratdığını qeyd edib. Millət vəkili belə təşəbbüslərin xüsusilə də regionlarda həyata keçirilməsini yüksək qiymətləndirib.
Festival çərçivəsində peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər.
Qeyd edək ki, növbəti “PeşəFest-2026” sentyabr ayının 28-də Mingəçevir şəhərində “Xalq Bankı”ın qarşısında keçiriləcək. Festivalın keçiriləcəyi digər rayonlar və tarixlər isə belədir:
Gəncə – 30 sentyabr
Qazax – 2 oktyabr
Bərdə – 5 oktyabr
Saatlı – 7 oktyabr
Masallı – 9 oktyabr
Naxçıvan – 13 oktyabr
Ordubad – 15 oktyabr
Bakı – 22 oktyabr
“PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayner (sayt, tətbiq dizayneri) istiqamətləridir.
Festival iştirakçıları bu peşələrin özünəməxsusluqları və tələb olunan bacarıqlar barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.
Festivalda iştirak ödənişsizdir. Peşə seçimi ilə maraqlanan hər kəsi “PeşəFest-2026”da fəal iştiraka dəvət edirik.