Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) həyata keçirdiyi "PeşəFest-2026" layihəsi bu dəfə Gəncə şəhərində baş tutub.
“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulu Recep Öztop, DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov, ayrı-ayrı dövlət və özəl təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
ŞİH başçısı N.Bayramov çıxışında regionlarda əmək bazarının inkişafı və yeni məşğulluq imkanlarının formalaşması baxımından peşə bacarıqlarının əhəmiyyətinə diqqət çəkib. O, gənclərin əmək bazarında tələb olunan peşələr barədə məlumatlandırılmasının, onların praktiki bacarıqlarının artırılmasının və peşə seçiminə dəstək göstərilməsinin vacibliyini qeyd edib. N.Bayramov “PeşəFest”in bu istiqamətdə həyata keçirilən tədbirlərə mühüm töhfə verdiyini bildirib.
DMA-nın İdarə Heyətinin sədri H.Abbasov müasir əmək bazarında işəgötürənlərin tələblərinin dəyişdiyini və bu dəyişikliklərə uyğun bacarıqlara malik mütəxəssislərə ehtiyacın artdığını qeyd edib. Agentlik sədri gənclərin erkən yaşlardan əmək bazarının tələbləri barədə məlumatlandırılmasının, onların peşə və bacarıq seçimlərinin düzgün istiqamətləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Digər çıxışçılar peşə təhsilinin və bacarıqlarının əmək bazarına hazırlıq prosesindəki roluna diqqət çəkiblər. Qeyd olunub ki, təhsil müəssisələri, dövlət qurumları və işəgötürənlər arasında əməkdaşlığın gücləndirilməsi gənclərin əmək bazarının tələblərinə uyğun hazırlanmasına imkan yaradır. “PeşəFest”in gənclərin peşələr üzrə praktiki məlumat əldə etmələrinə və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmələrinə şərait yaratdığı diqqətə çatdırılıb.
Festival çərçivəsində peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər.
Qeyd edək ki, növbəti “PeşəFest-2026” oktyabr ayının 2-də Qazax rayonunda Olimpiya İdman Kompleksində keçiriləcək. Beləliklə, Festivalın növbəti dayanacaqları:
Qazax – 2 oktyabr
Bərdə – 5 oktyabr
Saatlı – 7 oktyabr
Masallı – 9 oktyabr
Naxçıvan – 13 oktyabr
Ordubad – 15 oktyabr
Bakı – 22 oktyabr
“PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayner (sayt, tətbiq dizayneri) istiqamətləridir.
Festival iştirakçıları bu peşələrin özünəməxsusluqları və tələb olunan bacarıqlar barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.
Festivalda iştirak ödənişsizdir. Peşə seçimi ilə maraqlanan hər kəsi “PeşəFest-2026”da fəal iştiraka dəvət edirik.