Naxçıvan Dövlət Universitetində “Məzunların məşğulluq reytinqi” platformasının təqdimatı olub

Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasının növbəti dəfə Naxçıvan Dövlət Universitetində təqdimatı baş tutub. Agentliyin və Universitetin rəhbər şəxslərinin, habelə təxminən 200 tələbənin iştirak etdiyi tədbirdə “Məzunların məşğulluq reytinqi” platforması barədə ətraflı məlumat verilib.

 

Bildirilib ki, əmək bazarı ilə əlaqəli hər bir şəxsin maraq dairəsində olacaq, ixtisas seçimində əsas naviqator roluna malik “Məzunların məşğulluq reytinqi” platformasının hazırlanmasında əsas məqsəd abituriyentlərin ali təhsil müəssisələrinin məşğulluq imkanları haqqında məlumatlılığını təmin etmək və məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır. Bu layihə eyni zamanda universitetlər arasında rəqabəti gücləndirəcək, əmək bazarına hazırlıqlı məzunların yetişdirilməsinə və gələcəkdə ali təhsil ocaqlarının ixtisaslaşmasına səbəb olacaq. “Məzunların məşğulluq reytinqi” platformasından istifadə ali təhsil müəssisələrinə qəbulun planlaşdırılmasına və kvotaların müəyyənləşdirilməsinə də ciddi töhfə verəcək.

 

Layihənin üstünlükləri və istifadəsi ilə bağlı geniş təqdimatdan sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.  

 

Daha sonra əmək bazarının təhlili və qeyri-formal məşğulluq, əmək bazarı və iqtisadiyyat, Dördüncü Sənaye İnqilabı və onun əmək bazarına təsiri mövzularında tələbələrə seminarlar keçirilib.