Naftalanda işəgötürənlərlə əməkdaşlıq məsələləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı və Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naftalanda işəgötürənlərlə görüş keçirilib.

 

Görüşdə Agentliyin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, Gəncə-Daşkəsən RMF, Naftalan ŞİH-in rəhbər şəxsləri, işəgötürənlər və digər struktur bölmələrin nümayəndələri iştirak ediblər.

 

Görüşdə çıxış edən Hasil Abbasov Agentliyin fəaliyyəti, icra olunan aktiv məşğulluq proqramları və digər dəstək tədbirləri barədə məlumat verib. O, məşğulluq tədbirlərinin həyata keçirilməsində işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətini vurğulayıb, əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması, işə qəbul prosesinə dəstək, peşə hazırlığı kurslarının təşkili və birgə maliyyələşmə proqramlarının icrası kimi istiqamətləri xüsusi qeyd edib.

 

Daha sonra Naftalanda işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, işəgötürənlərə dəstək göstərilməsi məqsədilə xarici dil biliklərinin inkişafı və universitetlərin sonuncu kurs tələbələri üçün layihələrin hazırlanması barədə məlumat verilib. Görüşün sonunda işəgötürənlərin təklifləri dinlənilib, sualları cavablandırılıb.