Salyanda özünüməşğulluq proqramı üzrə müharibə iştirakçıları üçün qurulmuş təsərrüfatlara baxış keçirilib

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 10 min şəxs üçün özünüməşğulluq proqramı üzrə təsərrüfatlar yaradılıb

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov özünüməşğulluq proqramı üzrə Salyan rayonunda müharibə iştirakçıları üçün yaradılmış kiçik təsərrüfatlara baxış keçiriblər.

 

Vətən müharibəsi iştirakçıları olan Əliyev Murad Mətləb oğlu avtoelektrik xidmətləri, Ələsgərov Ramil Əmiraslan oğlu isə qoyunçuluq üzrə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin ediliblər.

 

Onlar müharibə iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək tədbirlərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Özünüməşğulluq proqramının dəstəyi ilə qurduqları təsərrüfatlarını inkişaf etdirməyə çalışdıqlarını vurğulayıblar.

 

Dövlət başçısının göstərişinə uyğun olaraq postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən genişmiqyaslı sosial dəstək proqramı 124 min şəxsi əhatə edib, onlara 290 min xidmət göstərilib. Onlardan 18 min şəxs aktiv məşğulluq proqramlarına, o cümlədən 10 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.