Mingəçevir Dövlət Universitetində “İxtisas bələdçisi” forumu keçirilib

Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Mərkəzi Aran Regional Təhsil İdarəsinin dəstəyi ilə Mingəçevir Dövlət Universitetində “İxtisas bələdçisi” forumu keçirilib.

 

Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, Universitetin rektoru Anar Eminov, Regional Təhsil İdarəsinin, Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin və digər qurumların nümayəndələri, tələbələr və məktəblilər iştirak ediblər.  

 

Tədbirin açılışında çıxış edən Anar Eminov forumun əhəmiyyətindən danışaraq bildirib ki, gənclərin ixtisas seçimi düzgün istiqamətləndirilməli, onların gələcək karyera perspektivləri əmək bazarının tələbləri nəzərə alınaraq planlaşdırılmalıdır. O, MDU-nun bu kimi layihələrdə iştirakından məmnunluğunu ifadə edərək, bu tip forumların gənclərə düzgün ixtisas və peşə seçimi zamanı geniş məlumat almaq, öz bacarıq və maraqlarını tapmaqda kömək etdiyini bildirib.

 

Daha sonra çıxış edən Hasil Abbasov əmək bazarının cari tələbləri və düzgün ixtisas seçiminin əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, ixtisas seçimi yalnız təhsil qərarı deyil, eyni zamanda ölkənin iqtisadi və sosial inkişafına yön verən strateji addımdır. H. Abbasov bildirib ki, Agentlik bu istiqamətdə aktiv fəaliyyət göstərir, karyera məsləhəti və ixtisas seçimi ilə bağlı gənclərə peşəkar dəstək verir. O, forumun bu təşəbbüslərin genişləndirilməsi üçün yaxşı platforma olduğunu vurğulayıb və göstərilən dəstəyə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.

 

Daha sonra forum "Addım-addım gələcəyə: Düzgün seçimlərin sirri" və "Gələcəyə baxış: Peşələrin gələcəyi" adlı panel müzakirələrlə davam edib.

 

Spikerlər tərəfindən ixtisas seçiminin meyarları, kodlaşdırma zamanı diqqət edilməli məqamlar, prosesin psixoloji aspektləri, ixtisas qruplarına daxil olan əsas ixtisaslar, onların gələcək perspektivləri, real əmək bazarına inteqrasiya yolları və özünüinkişaf barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, forumda ümumilikdə 250 nəfər iştirak edib.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz