“Məzunların məşğulluq reytinqi” portalı yaxın zamanda istifadəyə veriləcək

Bu sözləri Azərbaycan Texnologiya Universitetində keçirilən görüşdə Mustafa Abbasbəyli deyib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Gəncə səfəri çərçivəsində Azərbaycan Texnologiya Universitetinin tələbə və müəllim heyəti ilə görüşüb.

 

M.Abbasbəyli ilk olaraq Agentliyin fəaliyyəti, gənclərin əmək bazarına hazırlanması istiqamətində görülən işlər və tədris müəssisələri ilə əməkdaşlıq barədə məlumat verib. Qeyd edib ki, Agentliyinin ana missiyalarından biri gənclərin əmək bazarına düzgün hazırlanmasıdır. Müasir çağırışlar barədə də məlumat verən M.Abbasbəyli gənclərə gələcəyin peşələri ilə tanış olmağı, təhsilə önəm verməyi və əmək bazarını izləməyi tövsiyə edib.

 

Yaxın zamanda “Məzunların məşğulluq reytinqi” portalının istifadəyə veriləcəyini bildirən sədr portalın həm məzunlar, həm də işəgötürənlər üçün bir sıra üstünlüklərinin olacağını qeyd edib. M.Abbasbəyli Universitetlərdə fəaliyyət göstərən Karyera Mərkəzlərinin əhəmiyyətindən danışaraq Agentliyin Mərkəzi Karyera filialının bu mərkəzlərlə yaxından əməkdaşlıq etdiyini, birgə konfransların, görüşlərin keçirildiyini bildirib. Qeyd olunub ki, Filial tərəfindən Karyera Mərkəzləri üçün standartlar hazırlanıb və qarşıdakı dövrdə Texnologiya Universitetində bu standartlar əsasında Karyera Mərkəzinin yaradılmasına dəstək göstəriləcək.

 

Daha sonra Texnologiya Universitetinin tələbə və müəllim heyətinin sualları cavablandırılıb.