“Məzunların Məşğulluq Reytinqi” platforması universitetlər arasında rəqabəti artıracaq

“Məzunların Məşğulluq Reytinqi” platforması universitetlər arasında rəqabətin də artmasına xidmət göstərəcək. Əlavə olaraq, portal vasitəsilə hansı universitetin hansı ixtisasının və ya hansı ixtisasın hansı universitetdə öyrənilməsinin daha səmərəli, cəlbedici olması haqqında ətraflı məlumat əldə etmək və fikir formalaşdırılması mümkündür”.

 

Bu fikirləri Bakı Dövlət Universitetinin 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalında çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli qeyd edib.

 

M.Abbasbəyli bildirib ki, platformanın yaradılmasında əsas məqsəd hər bir şagird, abituriyent, tələbəyə ixtisas seçimi və ya seçdikləri ixtisaslara uyğun iş imkanlarının daha yüksək olduğu sahələr barədə məlumatlandırma və məsləhət xidmətlərinin verilməsidir.

 

Karyera planlamasının əhəmiyyətindən danışan sədr qeyd edib ki, uğurlu karyera peşəkarlıq, səmərəli əmək fəaliyyəti, keyfiyyətli məhsul və xidmət deməkdir. Qlobal əmək bazarında ciddi çağırışların formalaşmaqda olduğunu vurğulayan M.Abbasbəyli bu çağırışlarla ayaqlaşmağın ölkənin əmək bazarının kəmiyyət və keyfiyyət baxımından böyümə və inkişafı üçün önəmli rol oynadığını deyib.

 

Qeyd edək ki, 2 gün davam edəcək Karyera Festivalında ölkəmizin nüfuzlu 105 şirkəti tərəfindən Universitetin tələbə və məzunlarına 1245 vakansiya, 98 təcrübə, 9 təqaüd proqramı təqdim edilir.