Yerli şirkətlərin tanıtım sərgisində məşğulluq xidmətləri və əlilliyi olan şəxslərin əl işləri də təqdim edilir

“Baku Crystal Hall”da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi öz işinə başlayıb.

 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərginin məqsədi ulu öndərin ölkəmizdə sahibkarlıq ənənələrinin bərpasında və inkişafındakı xidmətlərini bir daha xatırlatmaq, eləcə də Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır. Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur.

 

Dövlət Məşğulluq Agentliyi sərgidə ayrıca stendlə təmsil olunur. Agentliyin xidmətlərinin və rəqəmsal layihələrinin təqdim edildiyi tədbir çərçivəsində işsiz və işaxtaranların məşğulluğuna dəstək məqsədilə sosial tərəfdaşların iştirakı ilə əmək yarmarkası da təşkil olunub. Mərkəzi Karyera filialının əməkdaşları tərəfindən sərgiyə qatılan şəxslərə Filialın fəaliyyəti, layihə və proqramlarla bağlı məlumat verilib, müsahibə və karyera məsləhəti xidməti üçün ayrılmış hissələrdə müraciət edən şəxslərə dəstək göstərilib. Bundan başqa sərgidə işsiz və işaxtaran şəxslərə Agentliyin yeni konsepsiyası əsasında məşğulluq imkanlarının qiymətləndirilməsi sorğusunun aparılması və fərdi məşğulluq proqramının tərtibatı əyani şəkildə nümayiş olunub.

 

İyunun 10-dək davam edəcək sərgidə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif istiqamətlər üzrə təlimlərə cəlb edilmiş əlilliyi olan şəxslərin floristika, bədii oyma, vitraj, dulusçuluq və s. növlərdə əl işləri də nümayiş etdirilir.