Məşğulluq sahəsində Latviya ilə əməkdaşlıq genişləndirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasovun başçılıq etdiyi nümayəndə heyəti Latviya Respublikasında rəsmi səfərdədir.
 

Səfər çərçivəsində nümayəndə heyəti Latviyanın Dövlət Məşğulluq Agentliyində bu ölkənin Rifah Nazirliyinin nümayəndələrinin də iştirakı ilə görüş keçirib, həmçinin Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) Latviyada Avropa regionu üzrə keçirdiyi konfransda iştirak edib.
 

“Müdafiə və təhlükəsizlik xidmətləri üçün daha səmərəli işə qəbul, kadrların saxlanması və yenidən inteqrasiya nəticələrinə nail olmaq məqsədilə effektiv işçi qüvvəsinin inkişafı” mövzusunda keçirilmiş konfransda müxtəlif ölkələrin təcrübələri paylaşılıb və ekspertlərin çıxışları təqdim edilib.   
 

Latviyanın Dövlət Məşğulluq Agentliyində keçirilmiş görüşdə isə Latviya tərəfinə Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi aktiv məşğulluq tədbirləri və rəqəmsal layihələr, eləcə də əmək bazarının tələblərinə uyğun peşə hazırlığı və peşəyönümü xidmətlərinin genişləndirilməsi barədə ətraflı məlumat verilib.
 

Eyni zamanda, Latviya Dövlət Məşğulluq Agentliyinin işəgötürənlərlə əməkdaşlıq təcrübəsi, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı istiqamətində həyata keçirdiyi layihələr müzakirə olunub.
 

Həmçinin, görüşdə tərəflər arasında ikitərəfli münasibətlərin inkişafı perspektivlərinə toxunulub, yeni istiqamətlərdə əməkdaşlıqların qurulmasının, uğurlu təcrübə mübadiləsinin aparılmasının və birgə pilot layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.