Dövlət Məşğulluq Agentliyi ilə “OBA Market” MMC-nin məşğulluq sahəsində əməkdaşlığı daha da genişləndirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC arasında Memorandum imzalanıb.

 

Sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Rüfət Cavadov və “OBA Market” MMC -nin İdarə Heyətinin sədri Natavan İbrahimova imzalayıb.

 

Memorandumun imzalanması tədbirində həyata keçirilən birgə layihələrdən, işsiz və işaxtaran şəxslərin, xüsusilə qadınların məşğulluq məsələlərinin həlli üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışılıb.

 

Razılaşmaya əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerlərinin yaradılmasına marağın artırılması məqsədilə müxtəlif təşviqedici tədbirlər, o cümlədən proqram və layihələr həyata keçiriləcək, istehsalat təcrübələri və müvafiq sahələr üzrə işlə təminat sahəsində birgə əməkdaşlıq ediləcək.

 

Həmçinin Agentliyin fəaliyyət istiqamətləri, qarşılıqlı maraq kəsb edən layihələr, eləcə də Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibə veteranlarının məşğulluğuna dəstək vermək məqsədilə korporativ sosial məsuliyyət layihələri həyata keçiriləcək.

 

Xatırladaq ki, ötən il keçirilən korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən şirkətlərin mükafatlandırılması mərasimində “OBA Market” MMC “Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyası üzrə qalib olub.