“Məşğulluğa Dəstək Layihəsi” üzrə Naxçıvan MR-də daha bir qrup şəxsə aktivlər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Naxçıvan Muxtar Respublikasında daha bir qrup şəxs seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təmin edilib.

 

Onlara “un məmulatlarının istehsalı”, “qadın gözəllik salonu”, “kişi bərbərxanası”, “dərzi”, “avtomobil şinlərinin bərpası və təmiri”, “kiçik foto atelye” və digər istiqamətlər üzrə öz işlərini qurmaları üçün lazım olan avadanlıqlar verilib.

 

Özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olan “Məşğulluğa Dəstək Layihəsi”nə cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil edilir. Təlimlərin sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslər seçdikləri sahələr üzrə avadanlıqlarla təmin olunurlar.

 

Ümumilikdə ötən dövrdə Naxçıvan MR-də 477 işsiz şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilib. Onlardan 103 nəfəri “Məşğulluğa Dəstək Layihəsi” üzrə aktivlərlə təmin olunaraq öz kiçik bizneslərini qurub.

 

Həssas qruplara (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və b.) aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik biznesə çıxışına imkan yaradan bu layihənin 22 min şəxsi əhatə etməsi nəzərdə tutulub.