“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Oğuz rayonunda məlumatlandırma tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nə dair növbəti ictimai dinləmə Oğuz rayonunda təşkil olunub. 


Layihəni tanıtmaq, hədəf kateqoriyalarını layihəyə cəlb etmək məqsədilə təşkil olunmuş ictimai dinləmədə işaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyən şəxslər iştirak edib. 

 

Görüşdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, eləcə də müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

 

Sonda isə layihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olunduğu çap materialları paylanıb.

 

Qeyd edək ki, 2025-ci ilə qədər davam edəcək “Məşğulluğa Dəstək Layihəsi”nin əsas məqsədi işsiz kimi qeydiyyata alınmış həssas qruplara aid şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və b.) özünüməşğulluq üzrə kiçik bizneslərinin yaradılmasıdır. Bu günə qədər 8114 nəfər layihəyə cəlb olunub. Ümumilikdə layihə çərçivəsində 22 min işsiz şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi nəzərdə tutulub.