“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Quba şəhərində ictimai dinləmə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barədə növbəti ictimai dinləmə Quba şəhərində keçirilib. 

 

Tədbir layihə barədə məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyaları layihəyə cəlb etmək məqsədi daşıyıb.  

 

İş axtaran və işsiz şəxslərin iştirakı ilə keçirilən tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər barədə ətraflı məlumat verilib. 

 

Öz biznesini qurmaq istəyən şəxslərin biznes bacarıqlarının inkişaf etdirilməsində proqramın rolu və əhəmiyyəti vurğulanıb, müraciət və iştirak qaydaları diqqətə çatdırılıb. 

 

İştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də layihə çərçivəsində öz kiçik biznesini qurmaq istəyən işsiz və işaxtaran şəxslərə müvafiq tövsiyələr verilib.