Malayziyanın Sosial Təminat Təşkilatı ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Malayziya hökumətinin İnsan Resursları Nazirliyinin tabeliyində Sosial Təminat Təşkilatı (PERKESO) arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi məqsədilə  onlayn görüş keçirilib.

 

Görüş zamanı hər iki qurum öz fəaliyyətləri və nailiyyətləri haqqında təqdimatlar edib.  Belə ki, PERKESO Malayziyada məşğulluq siyasətinin həyata keçirilməsi, aktiv məşğulluq proqramları və həssas qrupa aid olan şəxslərin işlə təmin edilməsində qurum tərəfindən aparılan islahatlar haqqında geniş icmal təqdim edib.

 

Dövlət Məşğulluq Agentliyinin nümayəndələri də öz növbəsində qurum tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən peşə hazırlığı, karyera məsləhəti xidməti, birgə maliyyələşmə və yeni məşğulluq konsepsiyasına dair qarşı tərəfə geniş məlumat təqdim edib.

 

Görüşdə iki qurum arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması kimi mövzularda razılıq əldə edilib.