Laçında ilk əmək yarmarkası təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Laçında ilk dəfə olaraq əmək yarmarkası təşkil olunub.

 

Laçın şəhərindəki 2 saylı tam orta məktəbdə keçirilən aktiv məşğulluq tədbiri şəhərə köçürülən sakinlər üçün təşkil edilib.

 

Yarmarkada əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. Onlar yarmarkada təqdim olunan vakansiyalarla tanış olub, işəgötürənlərlə söhbət ediblər.

 

Əmək yarmarkasında müxtəlif sektorlardan olan və Laçında fəaliyyət göstərən 16 müəssisə üzrə 200-ə yaxın vakansiya təqdim edilib.

 

Aktiv məşğulluq tədbirində iştirak edən şəxslər işğaldan azad olunan ərazilərdəki vakansiyalar haqqında​ məlumatlar əldə edib, uyğun iş yerləri üzrə müraciət etmək imkanı qazanıblar. Həmçinin iştirakçılara Agentliyin aktiv məşğulluq tədbirləri ilə bağlı da məlumat verilib.

 

Tədbirdə qeyd olunub ki, bu əmək yarmarkasının keçirilməsində əsas məqsəd işğaldan azad olunan ərazilərimizə köçürülən şəxslərin məşğulluğunu təmin etmək, işsiz və işaxtaran şəxslərlə işəgötürənlər arasında əlaqə yaratmaq, işəgötürənlərin ixtisaslı işçi qüvvəsi ilə təminatına dəstək olmaqdır. Bu aktiv məşğulluq tədbirlərinin işğaldan azad olunan digər ərazilərdə də keçirilməsi nəzərdə tutulub.