Jurnalistlər və blogerlər üçün “Sosial sahibkarlıq” təlimi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Education HUB-ın birgə əməkdaşlığı çərçivəsində növbəti təlim keçirilib. “Sosial sahibkarlıq” adlı təlimdə media nümayəndələri, jurnalistlər və blogerlər iştirak edib. İki gün davam edən təlimlərdə məşğulluq, sahibkarlıq, əmək miqrasiyası və s. mövzular üzrə təqdimatlar edilib. İşirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Təlimin əsas məqsədi media nümayəndələri arasında sosial sahibkarlıq haqqında məlumatlılığın artırılması və cəmiyyətə gətirdiyi dəyərin onların vasitəsilə daha çox insana çatdırılmasıdır.

 

Sosial sahibkarlığın daha fəal təşviq olunmasına dəstək üçün “Jurnalistlərin əlaqələndirmə qrupu” yaradılıb. Qrup nümayəndlərinin iştirakı ilə yaxın aylarda sosial sahibkarlıq müəssisələrinə tanışlıq səfərləri planlaşdırılır.

 

Qeyd edək ki, “Sosial sahibkarlıq” təlimi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Dəyər üçün əməkdaşlıq" proqramı çərçivəsində həyata keçirilib.