“İxtisas bələdçisi” layihəsi başa çatdı

61 rayon və şəhəri əhatə edən layihədə 11 967 nəfər iştirak edib

 

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən abituriyentlərin ixtisas seçimi mövzusunda maarifləndirilməsinə dəstək məqsədilə keçirilən “İxtisas bələdçisi” layihəsi regionlarda başa çatıb.

 

4 may tarixində başlayan layihə 61 rayon və şəhəri əhatə edib. Layihədə 8-11-ci sinif şagirdləri, müəllimlər və valideynlər də daxil olmaqla ümumilikdə 11 967 nəfər iştirak edib.

 

Seminarlarda iştirakçılara Filialın karyera məsləhətçiləri tərəfindən ixtisas seçiminin aparılması meyarları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar, peşə təhsili və onların gələcək perspektivləri kimi mövzularda məlumatlar verilib. Ümumilikdə layihə müddətində 121 seminar keçirilib.

 

“İxtisas bələdçisi”nin növbəti mərhələsində Bakı şəhərində və regionlarda “İxtisas seçimi” forumları və Alo Karyera-nın Instagram hesabında ixtisas seçimi ilə bağlı canlı yayımların keçirilməsi planlaşdırılır.