İsveçin Məşğulluq Xidməti ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə İsveç Krallığının Məşğulluq Xidmətinin nümayəndələri arasında onlayn görüş keçirilib.

 

Görüşdə hər iki qurum tərəfindən peşə hazırlığı və karyera məsləhəti xidmətləri istiqamətində görülən işlər haqqında məlumat verilib, əmək və məşğulluq sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Bildirilib ki, İsveç Krallığının Məşğulluq Xidməti ilə qarşılıqlı informasiya mübadiləsi aparmaq, peşə hazırlığının və peşəyönümünün təkmilləşdirilməsi istiqamətində İsveç təcrübəsindən faydalanmaq məqsədilə cari ildə Agentliyin nümayəndələrinin İsveç Krallığına tanışlıq səfərinin təşkili də nəzərdə tutulub.

 

Qeyd edək ki, 2022-ci ildə İsveç Krallığının Məşğulluq Xidmətinin nümayəndələrindən ibarət ekspert qrupunun peşə hazırlığı xidmətinin təkmilləşdirilməsi məqsədilə ölkəmizə səfəri olub. Həmin səfər çərçivəsində Xidmətin ekspertləri üç mərhələdən ibarət olmaqla, Agentliyə peşə hazırlığı istiqamətində dəstək göstərib, öz təcrübələrini bölüşüblər.