İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən bir qrup işəgötürənlərlə növbəti görüş keçirilib

İşğaldan azad olunmuş ərazilərimizdə aktiv məşğulluq proqramları daim genişləndirilir. Doğma yurdlarına qayıdan sakinlərin işlə təminatı ilə yanaşı, onların kiçik bizneslərini qurmaları, əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmələri istiqamətində də ardıcıl işlər aparılır.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüşdə bildirilib.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Qarabağ və Şərqi Zəngəzurda icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verərək, bu proqramların icrasında  işəgötürənlərlə sıx əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

 

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Minatəmizləmə Agentliyinin nümayəndələri iştirak edib.

 

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərin məşğulluqlarının təmin olması sahəsində görülmüş işlər, bu istiqamətdə həyata keçiriləcək birgə tədbirlər müzakirə olunub. İşəgötürənlərə ixtisaslı mütəxəssislərin işğaldan azad olunmuş ərazilərə cəlb edilməsi məqsədilə  onlar üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlar barədə məlumat verilib.