İşğaldan azad edilmiş ərazilərin sakinləri üçün peşə kurslarının təşkili davam edir

Böyük Qayıdış Proqramının icrası çərçivəsində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərin sakinlərindən artıq 2000-ə yaxın şəxsi peşə kurslarına cəlb edib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün aktiv məşğulluq proqramlarını davam etdirir.

 

Böyük Qayıdış Proqramının icrası çərçivəsində Agentlik həmin sakinlərdən artıq 2 minə yaxın şəxsi peşə hazırlığı kurslarına cəlb edib. Onlardan 210 nəfər işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş, digərləri isə yaxın vaxtlarda köçürülməsi nəzərdə tutulan şəxslərdir.

 

Sakinlər köçürülməzdən əvvəl Dövlət Məşğulluq Agentliyi tərəfindən onlarla məşğulluq imkanlarının qiymətləndirilməsi üçün görüşlər keçirilir. Bu görüşlər zamanı onların bir qisminin məşğulluq imkanlarının artırılması üçün peşə kurslarına cəlb edilmələri məqsədəuyğun hesab edilərək bu yöndə müvafiq işlər aparılır.

Qeyd edək ki, Agentlik hazırda:

 

  • Laçın şəhəri və Laçının Zabux, Sus, Bəylik, Giləbird kəndləri,
  • Şuşa şəhəri və Şuşanın Turşsu qəsəbəsi, 
  • Füzuli şəhəri və Füzulinin Dövlətyarlı kəndi, 
  • Zəngilan şəhəri və Zəngilanın Ağalı, Cahangirbəyli kəndləri, 
  • Cəbrayıl şəhəri və Cəbrayılın Horovlu, Şükürbəyli kəndləri, 
  • Kəlbəcər şəhəri,
  • Xocalı şəhəri və Xocalının Malıbəyli kəndi, 
  • Xankəndinin Kərkicahan qəsəbəsi,
  • Qubadlının Mahruzlu, Zilanlı kəndləri, 
  • Ağdərənin Talış, Suqovuşan, Umudlu kəndləri, 
  • Ağdamın Xıdırlı, Kəngərli,Sarıcalı kəndləri,  
  • Xocavəndin Xocavənd kəndi

sakinləri üçün peşə hazırlığı kursları təşkil edir.

 

Kənd təsərrüfatı, tikinti, sənaye, xidmət sahələrinə aid peşələr üzrə təşkil olunan bu kurslara həmin yaşayış məntəqələrinə artıq köçürülmüş, habelə bu il köçürülməsi nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər müraciət edə bilər. Peşə kurslarını bitirənlərin bu kurslarda yiyələndikləri peşələr üzrə məşğulluğunun təminatına da dəstək göstərilir.

 

Peşə hazırlığı kurslarına DOST mərkəzlərinə, məşğulluq filiallarına müraciət edərək və ya sosial.gov.az saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə bilərsiniz.

 

Kursların müddəti 6 aya qədərdir və kurslarda iştirak ödənişsizdir.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz