İşəgötürənlərlə peşə hazırlığı kurslarının təşkili müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi peşə hazırlığının təşkilində əmək bazarının tələblərinin müəyyənləşdirilməsi məqsədilə işəgötürənlərlə görüşləri davam etdirir.

 

Növbəti görüşlər Agentliyin Gəncə Peşə Hazırlığı Mərkəzinin təşəbbüsü ilə Balakən və Zaqatala rayonlarında keçirilib. Balakən və Zaqatala Rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə keçirilən görüşlərdə hər iki rayonda fəaliyyət göstərən dövlət və özəl qurumların rəhbər şəxsləri, o cümlədən 100-ə yaxın işəgötürən iştirak edib. İştirakçılara Dövlət Məşğulluq Agentliyinin funksional istiqamətləri, vakansiyaların “Əmək və Məşğulluq" altsistemində yerləşdirilməsinin zəruriliyi, qeyri-formal məşğulluğa qarşı birgə mübarizə aparmağın əhəmiyyəti barədə məlumat verilib. Peşəsi, yaxud ixtisası olmayan şəxslərin əmək bazarına inteqrasiyası zamanı peşə hazırlığının vacib rolu xüsusilə qeyd edilib. Bildirilib ki, işəgötürənlərin kadr ehtiyacının və gözləntilərinin qarşılanması peşə kurslarının təşkili üçün əsas meyarlardandır.   

 

Daha bir görüş isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Görüş zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilb. Bildirilib ki, həmin şəxslər peşə hazırlığının təşkili zamanı üstün hüquqa malikdirlər, onların kurslara cəlb olunması və işlə təmin olunmasına dəstək göstərilir.