İşəgötürənlərə dəstək göstərir, işsizlərə iş imkanı yaradırıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli ilə yanaşı, sosial tərəfdaşlarımız olan işəgötürənlərə dəstək məqsədli proqram və layihələr icra olunur. Agentliyin 24 fəaliyyət istiqaməti mövcuddur. Bu istiqamətlərin mühüm bir hissəsi məhz işəgötürənlərin fəaliyyətini dəstəkləməyə, onları uyğun kadrlarla təmin etməyə və dövlət qurumları ilə sahibkarlar arasında əməkdaşlığı inkişaf etdirməyə, qarşılıqlı inam mühitinin yaradılmasına hədəflənib.

 

Dövlət Məşğulluq Agentliyinin işəgötürənlərə dəstək məqsədli hansı fəaliyyət istiqamətləri mövcuddur?

 

Vakansiya bankı – Vakansiya bankı işəgötürənin boş olan və işçi tələb edilən iş yerləri üzrə kadr ehtiyaclarının təmin edilməsinə yönəlmiş xidmət formasıdır. Bu fəaliyyət istiqaməti vasitəsilə Agentlik tərəfindən işəgötürənlərin tələblərinə uyğun kadrların tapılması və vakansiya üzrə yönləndirilməsi təmin edilir.

 

Peşə hazırlığı – Agentlik tərəfindən mühüm bir yenilik olaraq peşə hazırlığı məhz işəgötürənlərlə əməkdaşlıq çərçivəsində adambaşına maliyyələşmə mexanizmi əsasında həyata keçirilir. Məqsəd işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasıdır.

 

Əməkhaqqının maliyyələşdirilməsi – Bu fəaliyyət istiqaməti həm işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin etmək, həm də işəgötürənlərə dəstək olmaq məqsədi daşıyır. Bu proqram əsasında işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

 

Əmək yarmarkaları – Bu xidmət işsiz və işaxtaran şəxsləri işəgötürənlərlə bir araya gətirmək, onların düzgün kadr seçimi aparmasına şərait yaratmaq məqsədilə həyata keçirilən aktiv məşğulluq tədbiridir. Yarmarkalar işəgötürənlərlə birgə təşkil edilir və onlara öz xidmət və layihələrini, vakansiyalarını təqdim etməyə şərait yaradılır.

 

Sosial tərəfdaşlarla iş – Agentlik fəaliyyət istiqamətləri çərçivəsində işəgötürənlərlə faydalı əməkdaşlıqların qurulması, işəgötürənlərin Agentliyin sahibkarlara dəstək istiqamətli layihələrindən faydalanması, fəaliyyət istiqamətləri daxilində işəgötürənlərin maarifləndirilməsi ilə bağlı işlər həyata keçirir.

 

Bundan başqa, Agentlik tərəfindən sahibkarlarla birgə layihələr icra olunur, onların dövlət tərəfindən həyata keçirilən proqram və layihələrdə iştirakına imkan yaradılır. Agentlik tərəfindən əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsini təmin edən elektron platforma - “Əmək və məşğulluq” altsistemi (ƏMAS) yaradılıb. ƏMAS ölkədaxili bütün işəgötürənlər, işə qəbul olanlar, mərkəzi  və yerli icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər üçün vahid əmək münasibətləri platforması rolunu oynayır. İşəgötürənlər üçün sistemin əsas üstünlüyü altsistem vasitəsilə işçi ilə rəsmi münasibətlər və sənədləşmələrin kağız daşıyıcılarından elektron formaya keçməsidir.

 

İşəgötürənləri Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, layihə və proqramlarından yararlanmağa, birgə əməkdaşlıqda aktiv olmağa dəvət edirik.

 

İşəgötürənlərə dəstək göstərir, işsizlərə iş imkanı yaradırıq.