İşədüzəltmə vasitəçilərinin reyestri hazırlanır

Dövlət Məşğulluq Agentliyi tərəfindən İşədüzəltmə vasitəçilərinin reyestri hazırlanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qurulan reyestrdə işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən şəxslərə dair bütün məlumatlar qeyd ediləcək. Hüquqi şəxslərin reyestrdə qeydiyyatdan keçməsi mütləqdir.

 

Vahid elektron informasiya bazası istifadəyə verildikdən sonra işədüzəltmədə vasitəçilik fəaliyyəti həyata keçirən hüquqi şəxslərlə qarşılıqlı məlumat mübadiləsi aparılacaq. Bu zaman işədüzəltmə vasitəçiləri tərəfindən iş üçün müraciət edən şəxslərə dair fərdi, o cümlədən təhsili və peşəsi (ixtisası) barədə və məşğulluq tarixçəsinə dair məlumatlar Məşğulluq Alt Sisteminə (MAS) ötürüləcək. Vasitəçi şirkətlər qeyd olunan məlumatları hər ay üzrə növbəti ayın 5-dən gec olmayaraq elektron qaydada təqdim etməlidirlər.

 

Qeyd edək ki, İşədüzəltmə vasitəçiləri tərəfindən onlara iş üçün müraciət edən və işlə təmin edilən vətəndaşların sayı barədə Agentliyə elektron qaydada hesabat təqdim edilmədikdə İnzibati Xətalar Məcəlləsinin 576.3-cü bəndi ilə beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulub. 

 

Yeni sistem işədüzəltmə sahəsində pərakəndə fəaliyyətin və qeyri-qanuni halların qarşısını almağa və vətəndaş məmnunluğunu təmin etməyə imkan verəcək.

 

 

alt text