İşə qəbul prosesində işəgötürənlərlə əməkdaşlığı gücləndirmək üçün növbəti görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan “Karyera məsləhətçiləri ilkin rekruter – işəqəbul mütəxəssisi kimi işəgötürənlərin xidmətindədir!” layihəsi davam edir.

 

Budəfəki görüş Mərkəzi Aran Regional Məşğulluq filialının karyera məsləhətçiləri ilə “Şamaxı Dairy Farm” MMC-nin nümayəndələri arasında Kürdəmirdə baş tutub.

 

Görüşdə Agentliyin fəaliyyəti və “Əmək və məşğulluq” altsistemi ilə bağlı məlumat verilib, eyni zamanda, şirkətin işə qəbul prosesi, yaranacaq vakansiyalar üzrə namizədlərdən tələblər, işsiz şəxslərin yönləndirilməsi zamanı karyera məsləhətçilərindən gözləntilər və qarşılıqlı əməkdaşlığın səmərəli qurulması barədə müzakirələr aparılıb.

 

Layihənin birgə əməkdaşlıq və regionda məşğulluğun təminatı istiqamətində uğurlu vasitə olacağı qeyd olunub.