İşaxtaran və işsiz şəxslər hansı hallarda peşə hazırlığına cəlb edilir?

İşaxtaran və işsiz şəxslərlə bağlı icra edilən aktiv məşğulluq proqramlarından biri də həmin şəxslər üçün peşə hazırlığı kurslarının təşkil olunmasıdır.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya DOST mərkəzlərinin göndərişi əsasında işaxtaran və işsiz şəxslər:

 

  • lazımi peşə və ya ixtisası olmadığına görə onlar üçün münasib iş seçmək mümkün olmadıqda,
  • əvvəlki peşəsi üzrə işləmək qabiliyyətini itirdikdə, yaxud həmin peşə üzrə iş tapmaq mümkün olmadıqda və ya peşə bacarıqlarının artırılması zərurəti olduqda

 

peşə hazırlığı kurslarına cəlb edilirlər.

 

Onlar üçün peşə hazırlığı Agentlik tərəfindən ödənişsiz təşkil olunur və peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə kurs müddətində minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd də ödənilir.

 

Qeyd edək ki, digər aktiv məşğulluq tədbirləri kimi, peşə hazırlığının təşkili tədbirlərinin əhatə dairəsi də ildən-ilə genişlənir. Ötən il Dövlət Məşğulluq Agentliyi 18,4 min nəfəri peşə hazırlığına cəlb edib ki, bu da 2018-ci ilə nisbətən 7,1 dəfə çoxdur.