Bakı Regional Məşğulluq filialında keçirilən “İş Klubu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialında “İş Klubu” layihəsi baş tutub.

 

Məzunlar, işsiz və işaxtaran şəxslərin qatıldığı layihədə 17 nəfər iştirak edib. Bakı Regional Məşğulluq filialının karyera məsləhətçiləri tərəfindən iki həftə müddətində iştirakçılara “Karyera planlaması”, “Əmək bazarının tələbləri”, “İş məqsədlərinin təyini”, “Effektiv CV hazırlığı”, “İstək məktubunun yazılma forması”, “Müsahibəyə hazırlıq qaydaları”, “İş axtarış alətləri ilə tanışlıq”, “İş təklifinin analizi” kimi mövzular ətrafında təlimlər keçirilib. Məqsəd işsiz və işaxtaran şəxsləri əmək bazarının müasir tələbləri barədə məlumatlandırmaq və onlara peşəyönümü istiqamətində dəstək olmaqdır.

 

Layihənin yekununda təlimləri uğurla başa vuran şəxslərə sertifikatlar təqdim edilib. Təlimlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.