“HR Community” layihəsi çərçivəsində insan resursları üzrə nümayəndələrlə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində “HR Community” layihəsi çərçivəsində müxtəlif şirkətlərin insan resursları üzrə nümayəndələri ilə görüş keçirilib.
 

Görüşün məqsədi məlumat və təcrübə mübadiləsi aparmaq, Agentliyin məşğulluq layihələri barədə şirkətlərin insan resursları üzrə nümayəndələrini məlumatlandırmaq və yeni əlaqələr qurmaqdır.
 

Görüş zamanı Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “Kadr indeksi” layihəsi təqdim olunub. Bildirilib ki, dünyanın 10-dan artıq nüfuzlu universitetinin qabaqcıl təcrübəsi əsasında hazırlanmış “Kadr indeksi”nin məqsədi tələbələrin əmək bazarında rəqabət qabiliyyətinə təsir edən fərdi göstəricilərini ölçmək, səriştələrarası balansı qiymətləndirmək və onların inkişafına sistemli yanaşmanı formalaşdırmaqdır.
 

Əlavə olaraq, layihənin ilkin mərhələdə ali təhsil müəssisələrində pilot qruplar üzrə tətbiq olunduğu vurğulanıb. Bildirilib ki, növbəti mərhələdə layihənin genişləndirilərək ölkə üzrə bütün tələbə kontingentini əhatə etməsi və tələbələrə akademik sənədlərlə yanaşı, onların yumşaq bacarıqlarını əks etdirən əlavə qiymətləndirmə sənədlərinin də təqdim edilməsi nəzərdə tutulur.
 

Görüş çərçivəsində iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, insan resurslarının idarə olunması sahəsində aktual çağırışlar və əmək bazarının tələbləri müzakirə edilib.