Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzinin birgə tərəfdaşlığı ilə icra olunan növbəti sosial layihə uğurla yekunlaşıb. Görmə məhdudiyyəti olan şəxslərin peşəyönümlü reabilitasiyası və məşğulluq imkanlarının artırılması məqsədilə təşkil edilən “Hisslərin dadı” adlı qənnadıçı-şirniyyatçı peşə hazırlığı kursunun bağlanış tədbiri keçirilib.
Tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Elşən Mahmudov, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, Bakı Peşə Hazırlığı Mərkəzinin direktoru Vüqar Xəlilov və digər rəsmi şəxslər iştirak ediblər.
Elşən Mahmudov həssas qruplardan olan şəxslərin əmək bazarına inteqrasiyasının vacibliyini vurğulayıb. Layihə vasitəsilə iştirakçılara zəruri peşə bacarıqlarının uğurla ötürüldüyünü bildirən Agentlik rəsmisi bu təşəbbüsün davamlı olacağını və gələcəkdə yeni layihələrə təkan verəcəyini bildirib.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari isə təlimlərin görmə məhdudiyyətli benefisiar Günay Məmmədova tərəfindən aparılmasını inklüzivliyin real nümunəsi adlandırıb. O, qeyd edib ki, qazanılan peşə vərdişləri iştirakçıların gələcək həyatlarında yeni bir mərhələ açacaq.
Qeyd edək ki, layihə çərçivəsində Mərkəzin görmə məhdudiyyətli benefisiarı Günay Məmmədovanın təlimçiliyi ilə bu kateqoriyadan olan 7 nəfər peşə hazırlığı kursuna cəlb edilib. İki ay davam edən təlim dövründə iştirakçılara şirniyyatların hazırlanması texnologiyası, sanitar-gigiyenik qaydalar və təhlükəsizlik normaları aşılanıb, həmçinin onlar aylıq təqaüdlə təmin olunublar.
Təlim iştirakçıları onlara yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər. Sonda qonaqlar üçün iştirakçıların hazırladıqları əl işlərindən ibarət şirniyyatların dequstasiyası təşkil edilib.