Həmkarlar İttifaqları Konfederasiyası bu il də həssas qrupların özünüməşğulluğunun təşkilinə dəstək göstərəcək

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında Memorandum imzalanıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.

 

Sənədi əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və AHİK-in sədri, millət vəkili  Səttar Möhbalıyev imzalayıblar.

 

Hər iki qurum arasında ötən dövrdə sıx əməkdaşlıq gündəliyi, sosial tərəfdaşlıq təcrübəsi  fomalaşıb. Son illərdə bu əməkdaşlıq gündəliyi AHİK tərəfindən özünüməşğulluq proqramının genişləndirilməsinə, əhalinin həssas qruplarının özünüməşğulluğunun təşkilinə dəstək verilməsi ilə daha da genişlənib. 

 

Memorandum ölkəmizin sosial-iqtisadi inkişafında həssas əhali qruplarının daha fəal iştirakını təmin etmək, əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, keçmiş məcburi köçkünlərin, o cümlədən işğaldan azad olunan ərazilərimizə köçürülən vətəndaşların, digər həssas qrupların  özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsini nəzərdə tutur.

 

Sənədə uyğun olaraq AHİK tərəfindən qeyd edilən istiqamətdə 300 min manat məbləğində maliyyə dəstəyi ayrılıb.

 

Qeyd edilən istiqamətdə birgə işlərin görülməsi üzrə ümumi əlaqələndirmənin həyata keçirilməsi üçün hər iki qurumun nümayəndələrindən ibarət əlaqələndirmə qrupu da yaradılacaq.