Göygöldə işəgötürənlərlə əməkdaşlıq məsələləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən Göygöl rayon İcra Hakimiyyəti ilə birgə işəgötürənlərin iştirakı ilə dəyirmi masa təşkil olunub.

 

Dövlət və özəl müəssisələrdən olan işəgötürənlərin iştirak etdiyi görüşdə Göygöl rayonu Ərazi Məşğulluq Proqramının icrası çərçivəsində görülən işlər, Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib. 

 

Tədbirdə sosial cəhətdən həssas kateqoriyaya daxil olan şəxslərin məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi qaydası, peşə hazırlığının təşkili və digər məşğulluq tədbirləri barədə təqdimat edilib, rəqəmsallaşma istiqamətində görülən işlər barədə məlumat verilib. Daha sonra işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.

 

Sonda Dövlət Məşğulluq Agentliyinin müxtəlif fəaliyyət istiqamətlərindən faydalanan işəgötürənlərin fikirləri dinlənilib.