Göyçay Peşə Hazırlığı Mərkəzi ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu əməkdaşlığa başlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi ilə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Memoranduma əsasən tərəflər regionda aqrar sahədə ixtisaslı kadrların hazırlanması məqsədilə birgə peşə hazırlığı kurslarının təşkili, eyni zamanda, institutun Göyçayda yerləşən Dayaq məntəqəsində istehsalat təlimi və təcrübəsi üçün əməkdaşlıq edəcək.

 

Təcrübə müddətində müdavimlər aqrar sahə ixtisasları üzrə müəssisənin gündəlik işində birbaşa iştirak edəcək, nəzəri biliklərini istehsalatda tətbiq etməklə əmək bazarında tələb olunan səriştələrə yiyələnəcəklər.

 

Əməkdaşlıq çərçivəsində Göyçay Peşə Hazırlığı Mərkəzinin müdavimləri institutun bir sıra layihələrinin icrasına qoşulacaq, işlə təmin olunacaqlar.